2022-ci ilin 6 ayı ərzində ölkəmizin bütün sahələrində, o cümlədən sosial, iqtisadi, hərbi və mədəni həyatında çox mühüm irəliləyiş olmuşdur. Beynəlxalq təşkilatlarla, qonşu dövlətlərlə, Avropa dövlətləri ilə fəal əməkdaşlıq, o cümlədən türk dövlətləri ilə daha sıx təmasın qurulması Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən “Dəmir yumruq" adı altında Vətən müharibəsi nəticəsində Ermənistan ordusu darmadağın edilərək məğlub edildi. Və 10 Noyabr tarixində Kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Ermənistan dövləti məğlub tərəf kimi öz üzərinə öhdəliklər götürdü. Həmin öhdəliklərdən biri məhz erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması idi. Ölkə Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi müharibədən 1 il 8 ay keçməsinə baxmayaraq erməni birləşmələrinin çıxarılması və sərhədlərin açılması ilə bağlı öhdəliklər hələ də yerinə yetirilmir. Azərbaycan tərəfindən hazırlanan 5 əsas prinsipin Ermənistan tərəfindən qəbul edilməsinə baxmayaraq bunun da icrası yerinə yetirilməmişdir. Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, status məsələsini unutmalı, 10 Noyabr bəyənatının müddəalarını yerinə yetirməlidir. Dövlət başçısı bildirdi ki, ordu quruculuğu işi bundan sonra da daha sürətlə aparılacaq və yeni müasir silah, hərbi texnikalarla təchiz ediləcəkdir. Ermənistan silahlı qüvvələri 30 il ərzində bütün tarixi mədəniyyət abidələrini və mədəni irsimizi məhv etmişdir. Dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızda abadlıq, quruculuq işləri aparmaqla yanaşı əhalinin sosial məsələlərin həllini də ön planda saxlayır. Hərbçilərimiz, şəhid ailələrimiz, müharibə əlillərimiz, müharibə veteranlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar. Ölkəmizdə ictimai-siyasi sabitliyin olması və müstəqil dövlət kimi fəaliyyət göstərməsi bütün sahələrin inkişafına öz müsbət təsirini göstərir. Düzgün və məqsədli şəkildə aparılan siyasət iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Qarabağda, Zəngəzurda aparılan quruculuq işlərinə xeyli vəsaitin sərf edilməsinə baxmayaraq, Cənab İlham Əliyev əhalinin, xüsusilə həssas təbəqədən olan şəxslərin sosial rifahının bundan sonra da daha yüksək səviyyədə olacağını diqqətə çatdırdı. Bütün deyilən faktlardan o nəticəni çıxarmaq olar ki, Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşının yanındadır. Akif Rüstəmov,Xocalı rayon ziyalısı